Azərbaycanın 3 sənaye parkı "TOP-10" reytinqində yer alıb
15 may,2023 16:45

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir, Pirallahı, Qaradağ sənaye parkları 40 sənaye parkı arasında ilk onluqda yer alıb.

 

Azərbaycanın 3 sənaye parkı 10 ölkənin 40 sənaye parklarının siyahısında ilk onluqda yer alıb.

 

Bu barədə “BIK Ratings” reytinq agentliyinin hazırladığı siyahıda qeyd edilib. Belə ki, sənaye parklarının reytinq siyahısında Azərbaycanla bərabər, Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan və Estoniya yer tutublar.

 

Reytinq hazırlanarkən, sənaye parklarının vergi mühiti, infrastrukturu, ölkəyə giriş şəraiti, ölkədə insan inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər təhlil edilib.

 

Nəticədə ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. 

 

Bu reytinqdə ilk yeri “Velikiy Kamen” Çin-Belarus Sənaye Parkı tutub.